November 11, 11

İstanbulda “Uğur təsadüfi deyil”…

Keçən ay mənim üçün həmişəkindən daha “dolu” keçdi. 15 oktyabrda TedxBakı`da idim. İmkan olduqca Twitter`də və Facebook`da tədbirin gedişatı ərzində bəzi məlumatları paylaşdım da. Spikerlər arasında bir çox maraqlı çıxışlar oldu, ancaq fikrimcə Ted formatına ən uyğun çıxış Ahmet Saniç`in (Qafqaz Universitenin rektoru) çıxışı oldu. Başqa maraqlı çıxışlar da var idi.

17 oktyabrdan etibarən isə İstanbulun qonağı olduq. Gediş səbəbi Webrazzi Summit`də və Facebook F8 konfransında iştirak etmək idi. Texnologiya ilə bağlı yazıları bildiyiniz kimi Weboxu`da yazıram, ona görə də burada səfərin texnoloji tərəfləri barədə yox, gec də olsa ümumilikdə səfər təəssüratlarımı yazmaq istədim. Webrazzi Summit 19 oktyabr, Facebook F8 isə 20 oktyabrda planlaşdırılmışdı. Belə sanballı iki texnologiya event`inə getmək şansını əldən vermək heyif olardı. Buna görə də işləri planlaşdırıb yola düşdük.

Həftənin ilk günü səhər saatlarında artıq biz otelə çatırdıq. Əşyaları otelə qoyandan sonra ilk getdiyimiz yer kitab mağazası oldu və ilk gözümə dəyən kitablardan biri “Başarı tesadüf değildir / Uğur təsadüfi deyil” kitabı oldu. Kitab oxumaq üçün yaxşı atmosfer və geniş kitab bazası imkan verdi ki, kitablardan zövq alaq.

Biz vaxtımızı əsasən texnologiyaya aid kitabların olduğu hissədə keçirdik. Bəzi kitablar aldıq. Yuxarıdakı şəklini yerləşdirdiyim kitabı xüsusilə qeyd etməyimin səbəbi isə odur ki, İstanbulda tanış olub danışdığım internet sektorunda olan adamların hamısı ilə söhbətimdə belə bir nəticəyə gəldim: həqiqətən də uğur təsadüfən əldə olunmur. Çoxlu çalışmaq, işləmək lazımdır. Buna ilk olaraq Webrazzi Summit`də əmin oldum. İnternet sektorunun nəhəngləri 19 okytabrda səhər saatlarından etibarən Point Hotel Barbaros`da yığışmışdılar. Yalnız Türkiyənin yerli markaları yox həmdə sayılıb seçilən xarici markaların nümayəndələrini də burada görmək mümkün idi. Facebook komandası, TechCrunch, Twitter, Socialbakers, Zynga, Yandex, PaypalcomScoreSeedcamp, və s..

Çoxlu investorlar və şirkət nümayəndələri öz çıxışlarında və söhbətlərində məni tam əmin elədilər ki, Azərbaycan internet sektoru və internet bazarı dünyadan fərqli baxır hadisələrə. Biz hələ çox şey öyrənməliyik və çox çalışmalıyıq. Sammitdə səhv eləmirəmsə 700-dən çox iştirakçı və onlarla sponsor var idi. Spikerlər çox olduğuna görə çıxışlar paralel sesiyyalar şəklində aparılırdı. Buna görə seçim eləmək lazım gəlirdi bu isə çətin olurdu. Sesiyyaların olduğu salonlar hamısı dolu olurdu. Əgər çıxışların başlanmasına biraz gecikirdinsə ayaq üstə dinləməli olurdun. Bu da qeydlər götürməyi çətinləşdirirdi.

Amma ümumilikdə tədbir olduqca yaxşı təşkil olunmuşdu. Qonaqların çoxluğundan qaynaqlanan bəzi məqamları saymasaq nahar da daxil olmaqla tədbir detallı planlaşdırılmışdı. İnternet bütün tədbir boyu iştirakçıların xidmətində oldu. Heç bir nasazlıq filan olmadan. Tədbir barədə ətraflı olaraq isə onsuzda Weboxu`da oxumusuz yəqin ki… #WebrazziSummit, #FacebookF8İstanbul

Tədbirdən mənə qalan isə yeni tanışlıqlar, köhnə tanışlarla görüş, yeni fikirlər və yeni qərarlar oldu. Özüm üçün bəzi məqamları dəqiqləşdirdim. İşləri bundan sonra hansı istiqamətdə quracağım, nələri araşdırıb öyrənəcəyim mənim üçün daha aydın oldu. Məndə belə bir fikir yarandı ki, İstanbul`dan dünya internet bazarı daha yaxın görünür. Bakıdan isə bu hələki dumanlı xəyal şəklindədi. Sosial platformalardan tədbir haqqında olan paylaşımlarımda da qeyd elədiyim kimi, Webrazzi Summit`də keçən hər dəqiqədən sonra Azərbaycan internet bazarı/sektoru barədə olan düşüncələrim daha pessimist xarakter almağa başlayırdı… və hələ də elədi…

Webrazzi Summit`in təsirindən çıxmamış sabahısı – 20 oktyabrda Facebook`un təşkil etidiyi “Facebook F8 İstanbul”da olduq. Bu dəfə tədbir Suada adasında keçirildiyi üçün İstanbula dənizdən də baxma imkanımız oldu. Orada öyrəndiyimə əsasən ada Galatasaray idman klubunundur ancaq 2006-cı ildən icarəyə verilib və əyləncə məkanlarının olduğu bir yer halına gəlib. Əla mənzərəsi var idi. İstanbulda yaşayanların dediyinə görə adada yerləşən məkanlar yüksək gəlirli təbəqə üçün daha əlverişli yerdir…

Yadımdan çıxmamış qeyd edim ki, bu tədbirlərə biletlər çox təbii ki, elektron formalarda idi. Tədbirə gələrkən biletləri özümüz çap etməli idik. Amma bəzilərinin bunu yaddan çıxarması heç bir problem olmurdu. Bizlərdən də bileti oteldə unutmuş olanlarımız üçün problem olmadı. Telefonlarda biletin elektron versiyasını və QR code`u göstərmək qeydiyyata düşmək üçün kifayət edirdi.

Facebook Türkiyəyə böyük heyətlə gəlmişdi. Aralarında türklərin də olduğu işçi qrupu öz MAC`larında son hazırlıqları bitirdikdən sonra tədbiri açıq elan elədilər. Diqqətimi çəkən məqamlardan biri də o oldu ki, tədbirdə işləri Facebook`un heyəti heç kimə həvalə etməmişdi. Texniki quraşdırmalar filan da daxil olmaqla hamısını özləri elədi. Tədbirin işçi dili İngilis dili olduğuna görə Webrazzi Summit`də olduğu kimi burada da sinxron tərcümə aparılırdı. Webrazzi`də iştirakçılar çox olduğundan tərcüməni dinləmək üçün olan qulaqcıqlar passportla və ya sürücülük vəsiqəsini girov qoyduqdan sonra verilirdisə bu dəfə həmin qulaqcıqlar bütün stullarda var idi. Ancaq Azərbaycan üçün rus dili nədirsə, Türkiyə üçün də ingiliscə odur. Yəni demək olarki, hamı bu dildə başa düşür və nəsə sual verə bilir. Ona görə zaldakıların çox az qismi tərcüməçinin xidmətindən istifadə edirdi…

Tədbiri açıq elan edərkən Facebook`un tələblərindən biri də video çəkilişlərin aparılmaması idi. Görünür konfransda verilən məlumatların məxfiliyi üçün bunu ediblər. Çıxışlar yalnız prezentasiyalardan ibarət olmurdu, həmdə Facebook developerləri APİ`lərin izahı zamanı realtime olaraq xırda applicationlar yazaraq Facebook`un yeni sistemini izah edirdilər və bundan sonra application`lar yazmaq üçün nələr eləməli olduğumuzu necə istifadə etməli olduğumuzu izah edirdilər. Maraqlı və məlumatlandırıcı oldu.

Çıxışlar arasında olan fasilələr zamanı isə iştirakçılar söhbətləşir tanış olur və çıxışlarda başa düşdükləri və düşmədikləri məqamları müzakirə edirdilər… və demək olarki hamı Facebook heyətinin necə mehriban olmağa çalışdığını hiss edirdi. Hətta siz heçkimə qaynayıb-qarışmasanız da, bir kənarda öz masanızda dayansanız belə onlar özləri yaxınlaşır fikirlərinizi, hansı işlər gördüyünüzü soruşub sizinlə ünsiyyətə girirdilər. Görünür onlar alışıblar developerlərin o qədər də ünsiyyətcil olmamasına =) …

Məni ən çox təəcübləndirən isə sonda baş verdi,  Facebook`un Avropa üzrə iş inkişafı prezidenti Christian Hernandez tədbirin sonundə şəkil çəkdirdiyimizi görüb kömək təklif etdi. Düzü mən dünən onun Webrazzi Summit`də çıxışına qulaq asmış olsam da o an onu və vəzifəsini bilmədiyim üçün normal qəbul elədim. Amma sonra söhbətimiz zamanı onun tutduğu vəzifə barəsində əmin olandan sonra, həqiqətən təəccübləndim. Analoji situasiyanı Azərbaycanda təsəvvür edə bilmirəm. Kariyersası ərzində Microsoft`da, Google`da, Facebook`da yaxşı vəzifələr tutmuş birindən belə sadəlik görmək bizi təcübləndirər çünki. O postda bir Azərbaycanlının belə edəcəyini ehtimal eləmirəm.

Azərbaycandan gəldiyimizi biləndə, əhali və internet istifadəçilərinin sayını soruşdu və eşitdiyi rəqəmlərdən sonra müzakirəni daha çox Rusiya və Türkiyə bazarları üstündən aparmalı olduq…

Tədbirdə mənfi hal olaraq internetin olmamasını göstərə bilərəm. Elan olunmuş wi-fi şəbəkə istifadəçilərin çoxluğuna dözə bilmədi və sıradan çıxdı. Daha sonra isə həmin şəbəkəni ancaq Facebook komandası çıxışlar zamanı göstərdikləri nümunələri həyata keçirmək üçün istifadə elədi.

Diqqətimi çəkən məqamlar sırasında isə fasilə zamanı adadan açılan mənzərəni görmək üçün baxanda Palmali`nin gəmilərdən birini görməyimizi qeyd edə bilərəm. Bərə ilə tədbirdən qayıdan zaman isə Galatasaray klubunun 33-cü prezidenti Adnan Polat endiyimiz bərə ilə Galatasaray adasına gedirdi…

Səfər işlərlə bağlı olduğuna görə İstanbulu istədiyim kimi gəzə bilmədim. Demək olarki biz İstanbulun yanından keçdik …  Buna görə də nəsə güclü məsləhətlərim olmayacaq. Yalnız onu bilməyiniz kifayətdir ki, İstanbulun təsirinə düşmək çox asandır. Bura əsl Avropa şəhəridir. Addımbaşı məscidləri olan Avropa şəhəri. Məscidlərin çox olması, hər azanı şəhərin istənilən yerindən hiss eləməyin problem olmaması belə buranı müasirlikdən və avropalılıqdan ayrı salmır.

Birdə qeyd edim ki, bizim gəzməyə demək olarki vaxtımız olmadı, təssüratlarım sadəcə gördüyüm yerlərlə kifayətlənir, amma  gördüyüm qədərilə belə məni heyran edən yerlər çox oldu.

Məsələn Boğaziçi Universiteti. Elə bir abu-hava, elə bir mənzərə varki burada, sanki universitetə yox istirahət zonasına gəlmisən. İstanbul ümumiyyətlə Bakı ilə müqayisədə yaşıllıqlardan boldur. Yaşıllıq və ağaclar hər yerdə olmasına baxmayaraq Boğaziçi xüsusilə yaşıllıqdır. Dəniz mənzərəsi də bir tərəfdən adamı valeh edir. Universitetin korpusları, binaların arxitektura qruluşu isə binadan çox dəbdəbəli qəsrləri xatırladırdı. Bir sözlə möhtəşəm idi.

Orda olanda gördüyüm və məndə təssürat yaradan yerlərdən biri də Taksim oldu. Buraları gecə gəzmək lazımdı. Biz də F8`dən sonra gecə gəldik buranı görməyə. Həddən artıq çox adam olur: yerlilər də, turistlər də buranı “doldurur”. Gəzinti zamanı gördük ki, Facebook team`dən də istirahət üçün buranı seçənlər olub. İstiklal caddesi bizim Fəvvarələr meydanı (“Tarqovi“) tərəfləri xatırlatsa da buranın fərqi ara küçələrdədi. Əsl üzünü məhz ara küçələrdə görə bilərsiniz ancaq. Burada hamının zövqünə uyğun bir yer tapmaq mümkündür.

Ancaq məni valeh edən məhz “Cezayir Sokak” oldu. Gəldikdən sonra da ora haqqında çox axtardım internetdə amma o atmosferi əks etdirən heç bir görüntü tapa bilmədim. Bu elə bir yerdirki oranı ancaq görmək lazımdı. Soruşandakı orda səni belə özünə valeh edən nə oldu, düzü təsvir edəcək heçnə tapa bilmirəm. Nə var orda desəniz – canlı musiqi, dar balaca cafe-barlar, dar küçə.. – sözlərindən başqa heçnə deyə bilməyəcəm təsvir üçün. Amma gedib ordakı atmosferi görsəniz başa düşərsiniz ki, necə xoş təsir bağışlayır adama. Elə biryerdir ki, orada içmədən də sərxoş olmaq olar …

Gedərkən mütləq baş çəkməli olduğunuz yerlərdən biri də məncə “İstanbul Akvaryum“dur. Burda su və balıqla bağlı çox şey tapacaqsınız. Miflərdən tutmuş real faktlara qədər. Ən müxtəlif balıq növlərini burada görmək mümkündür. Mən “itmiş balıq Nemo“nu burada tapdım məsələn.

İstanbul Akvaryumun başqa bir xüsusiyyəti isə orada Amazon tropik meşələrinin simulasiyası idi. Hətta yağışı belə çiskinləyirdi… Məsləhətli yerdi, yolunuz düşsə gedib mütləq baş çəkin.

Səfər boyu ən çox diqqətimi çəkən 2 məqam oldu. Biri İstanbuldakı siqaret çəkənlərin çoxluğu. Burada cavan, qoca, kişi, qadın, hicablı, hicabsız bir sözlə böyük əksəriyyət siqaret çəkirdi. Amma örtülü yerlərdə heç bir problemim olmurdu, çox rahat nəfəs ala bilirdik. İkinci diqqətimi çəkən məqam isə hava limanında oldu. Burada əşyalarını təhlükəsizlik məqsədi ilə paketlədənlər ancaq MDB ölkələrin vətəndaşları idi. Görünür bircə onların ağlına gəlirdi ki, kimsə onların əşyalarını oğurlaya və ya açıb baxa bilər. Məncə bu böyük psixoloji göstəricidir…

Yol yorğunluğuna görə blog`a yazını biraz gec yaza bildim. Məzuniyyətimi isə mümkün ola biləcək ən yararlı şəkildə keçirdiyimi düşünürəm. Gördüklərim və öyrəndiklərim məndə yeni motivasiya yaratdı. Müşahidə elədiklərimdən sonra yeni fikirlər yarandı. Bəzi fikirlərim isə özüm üçün təsdiqləndi. Yazıya başlıq olan “Uğur təsadüfi deyil” fikrinə əmin oldum. Çalışanda istəklərinə nail ola biləcəyinin real nümunələrini görmək adamı həvəsləndirir.

Uğur qazanmaq üçün çalışmağın əsas şərt olmasından əlavə 3 az əhəmiyyətli olmayan faktor daha diqqətimi çəkdi:

  • Birincisi səyy göstəridyiniz, uğur qazanmaq üçün çalışdığınız yer çox önəmlidir. Elə yer ola bilər ki, çəkdiyiniz əziyyətin yarısına belə uğura nail olmaq olar, elə yerlər də ola bilər ki, 10 dəfə artıq əziyyət çəksəniz də alınmaya.
  • İkincisi zaman faktorudur. Əsas məsələ əziyyəti vaxtında çəkirsinizmi sualıdır? İşləri doğru vaxtda görməkdir.
  • Üçüncüsü isə kimlərlə biryerdə çalışıb, səyy göstərdiyinizdir. Komanda olduqca böyük rol oynayır.

Bəlkə də sonda dediyim 3 fikir şablon təsiri bağışlayır, çeynənmiş fikirlərdir, amma atalar demişkən: “yüz dəfə eşitməkdənsə, bir dəfə görmək yaxşıdır”. Biz də gedib gördük ki, “uğur hələ də təsadüfi deyil”..

Fikirləşirəm ki, bu məsələni belə qoymaq olmaz, İstanbula mütləq qayıtmaq lazımdı…

P.S.: Səfər boyu bir həftə əziyyət verdiyimiz Fərhada birdə burada təşəkkür edirəm =)

Comments for this entry

Sadig
November 12, 2011 at 12:20 am

@Agshin
özfəaliyyətimiz bundan ibarətdir =)

Fərhad Səfərov
November 12, 2011 at 3:09 am

Qısa bir zaman içində yenə gözləyirəm. Bu dəfə gəzməyə daha çox vaxt ayırmaq lazımdır :)

Sadig
November 12, 2011 at 3:13 am

@Fərhad
İnşa Allah =) hə, gələn dəfə gərək İstanbulun əyləncə tərəfinə vaxt ayıraq =)

Gulya
November 12, 2011 at 12:13 pm

InşAllah daha da möhtəşəm tədbirlərdən səsin gələr))

Sadig
November 12, 2011 at 2:17 pm

Amin =) təşəkkürlər =)

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE