June 18, 11

Köhnə “müəllimimə” xitabən – “köhnə portal”

Elə günlər olur ki, həmin günü yaşayanda gələcəyinə necə təsir edəcəyi haqqında ən xırda bir təsəvvürün belə olmur. Mən həmin günü avqustun 6-ı 2004-cü ildə yaşamışam…

İndiki kimi yadımdadır, Bakı istisində internetdən gütürdüyüm ünvanı axtarıb tapmağa çalışırıq (dostumla birlikdə). Azerhost`un ofisini axtarıram. Əlaqə saxlayan zaman demişdilər ki, “Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmə”nin yanındadır. Həmin şirkət barəsində TV-də gedən bir verlişdə eşitmişdim. Maillə əlaqə saxlamışdım və “uşaqlarla” uzun müzakirədən sonra bir-çox domain adlarını saf-çürük edib 5-6 adlıq domain siyahısı tərtib edib göndərmişdik. Nəticədə aydın olmuşdu ki, Xazar.com domaini boşdur və almaq olar. (bəlkə nə vaxtsa domaini alacaq mərhələyə kimi olan hissəni də yazaram…)

… Artıq şirkətin ofisini tapmışam. İçəri daxil olub kompüter arxasında çalışan xanıma yaxınlaşıram, maillə əlaqə saxladığımı, domain almaq istədiyimi izah edirəm. Xanım domain adını soruşanda Xazar.com deyirəm və xanım dəqiqləşdirmək üçün bir neçə dəqiqə vaxt istəyir, bu müddət ərzində gözləmək üçün isə divanda oturmağa yer göstərir. Divanda oturarkən şirkətin sertifikatlarına və diplomlarına baxıram və əmin oluram ki,  Azerhost da Azer.net qrupa daxildir.

İkinci mərtəbədən enən gənc oğlan xanımın ekranına baxır və deyir ki, “Yox o domain boş deyil denən, başqa domain seçsinlər”. Arada o qədər də çox məsafə olmadığına görə eşidirəm və yaxınlaşıram:

[Mən:] – Bağışlayın, nəsə problem yaranıb?

[Cənab:] – Sizin dediyiniz domain boş deyil, başqasını seçməli olacaqsınız

[Mən:] – Xeyr, maillə əlaqə saxlamışdıq sizin əməkdaş bizə boş olduğun demişdi. İstəsəniz mailləri də göstərə bilərəm.

[Cənab:] – Bilirsiniz, sayta girərkən səhifənin açılmaması o domainin satılmadığı demək deyil…

…davam etmək istəyərkən sözünü kəsirəm…

[Mən:] – Bilirəm, maildə də bu barədə demişdiz, məndə domainlərin boş olub-olmamasını yoxlamaq üçün sizə göndərmişdim və demişdiz ki, boşdur. Mən də indi almaq üçün gəldim. Razılaşmışdıq axı..

Sonra oğlan yenidən qızla danışmağa başlayır və asta səslə nəsə deyir. Bundan sonra xanım mənə blanklar təqdim edir və onları necə doldurmağı izah edir. Bacardığım qədər səliqəli və diqqətlə blankı doldurmağa başlayıram. Fikirləşib qəliz bir şifrə də tapıram ( ! ev nömrəmizi yazıram =) .. ). DNS göstəricilərə növbə çatanda, nə tələb olunduğun başa düşə bilmirəm və doldurmadan ötürürəm həmin hissələri…

Blankları xanıma təqdim edəndə aydın olur ki, domainin bağlanmalı olduğu DNS-ləri yazmamışam. Mənə isə vəziyyət hələ də qaranlıqdır. İzah edəndəki –  “domainin bağlı olmalı olduğu yer” – mən öz-özümə fikirləşirəm ki, “bunu bayaqdan deyin də” və cəsarətlə bəyan edirəm: “narod.ru-dakı ünvana bağlayın. Saytın faylları orada yerləşəcək”…

….və elə oradaca Xazar.com mənə ilk dərsini keçir: öyrənirəm ki, domaini pulsuz hostingə bağlaya bilmiyəcəm, belə bir xidmət yoxdur. Domain`i istifadə edə bilmək üçün DNS`ə mütləq ehtiyac var. Öyrənirəm ki, domaini DNS-ə bağlayıb istifadə edə bilməyim üçün hosting almalıyam.. və 5MB alaraq internet həyatına beləcə atılıram..


Həmin gün oradan çıxarkən ağlıma belə gəlməzdi ki, o gündən sonra özümə tamam yeni istiqamət götürəcəm. AzDİU-nu bitirib Bank-da işləmək barədəki gələcəklə bağlı planlarım və gələcək kariyeram tamamən dəyişəcək…

… Xazar.com mənə o gündən sonra da bir çox şeyləri öyrətməyə davam etdi. Texnologiya və internetlə bağlı bütün öyrəndiklərim və təcrübələrim onun “başında çatlayırdı”. Nəinki texnologiya, hətta universitetə daxil olarkən də öz ixtisasımı onun üzərində tətbiq elədim. Onun sayəsində, bir çox adamlar tanıdım, həyatımdakı, əhatəmdəki adamların çoxu necəsə həmin saytla bağlıdır dərinə gedəndə. Hətta indiki işlədiyim şirkətə müsahibəyə gedəndə belə onun adını vermək mənə “şans” qazandırdı işləməyə. Düzdü, ona görə az problemim də olmamış deyil. Amma neyəmək olar, axı “dost” xatirinə dözməlisən bəzi şeylərə =) .

Amma ümumilikdə götürəndə və düzünü etiraf eləmək lazım gəlsə: Xazar.com mənim onun üçün etdiyimdən, daha çoxunu mənim üçün edibdir.

Bəs bu üzrxahlıq post`u nəyə lazım idi? Məsələ ondadır ki, bəzən yan-yana getdiyin “dostunun” qocaldığını görməkdə çətinlik çəkirsən. Məhz buna görədir ki, 2009-dan bu yana heç bir dəyişiklik etmədiyimiz Xazar.com`un zaman keçdikcə daha çox yorulduğunu görmürdük və ya ona yaraşdırmırdıq qocalıb yolda qalmağı. Amma zaman öz sözün hamı üçün deyir, köhnə dostumuz da 11 iyun 2011-ci ildə qocaldığını biruzə verdi. Məsləhətləşib qərar verdik ki, qoca dostumuza biraz istirahət verək. Qərarın alınmasındakı məqamları daha dəqiq və aydın Şaiq yazıbdır, orda tanış ola bilərsiniz.

Hələliksə Xazar.com dincəlsin və yeni güclə, yeni nəfəslə, yeni fikirlə yenidən qayıtsın…

 

2009-cu ildəki son dəyişikliklərdən sonra 18 iyun 2011-ə kimi belə görünürdü

2011-ci ildən sonra növbəti dəyişiklikləri belə görüntü ilə gözləyəcək.

Comments for this entry

Amid
June 18, 2011 at 12:14 pm

Her ishde bir xeyir vardir. Sayti qismen baglamaq addimi qeribe gorsense de, muasir telebleri nezere alaraq, derinden dushunulmush, mentiqli addimdir mence. Xeyirli olsun!

Sadig
June 18, 2011 at 12:19 pm

Hə, xeyirli olsun inşa Allah.
Düzdü qərar verərkən daha “gerçəkci” davranmaq lazımdır. Daha yaxşı olacağına inandığımıza qərar da bu idi =)

Renat
June 25, 2011 at 8:09 am

Insallah gelecek gunlerde xazar.com-un Chati-da oz evvelki statusunu berpa edecek.

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE