May 14, 11

Peşə”KAR”lıq…

tarix üçün qeyd: Bu barədə yazmağı çoxdan düşünürdüm. Məhz buna görə qabaqcadan planlı olaraq çəkdiyim şəkillər belə var idi. Qismət bu günə yazmaq imiş…

Düşündükcə gördüm fikirlərim çox uzundur ona görə iki hissədən ibarət yazmağı məsləhət bildim. Bu birincisi. İkincisini də nə vaxt ilham gəlsə onda qaralamadan çıxarıb post halına gətirərəm. İndiki yazımda işləməyə yeni başlayanlar və ya işləməyi xəyal edən tələbələrə xırda-para məsləhətlərimi yazmaq istəyirəm.

Aşağıda görünən yol mənim işə gedən yolum idi. Çox dar və narahat idi. Yolun tam ortası qazılmış və torpaqlar kənara yolun qırağına yığılmışdı. Hər gün bu “uçurum”un kənarı ilə ustalıqla yıxılmadan o dar yoldan keçib getmək lazım gəlirdi.

Pafoslu səslənsə də iş həyatına yeni başlayanlar üçün təxmini belə bir mənzərə görünə bilər. Əgər bu “uçurumdan” məharətlə keçmək istəyirsinizsə mütləq öz sahənizin peşəkarı olmağa çalışın. İşinizi daim öyrənməyə çalışın. İş “staj”ınızdan asılı olmayaraq. Sahənizdə olan yenilikləri və dünyada nə kimi təcrübələrdən istifadə olunduğunu daim araşdırın. Ola bilsin ki, siz mövcud şəraitdə həmin yenilikləri tətbiq edə bilməyəsiniz və ya buna ehtiyac olmaya amma bunları bilməlisiniz. İş həyatı heç də universitetdə oxuduğunuz kimi olmayacaq (əgər nəsə oxumusunuzsa). Qabaqcadan nəzərə almalısınız, bu sizin üçün yeni sayılacaq həyatda söhbət puldan və ambisiyalardan gedir. Deməli burda baş çıxarmaq o qədər də asan olmayacaq, rəqabətə həmişə hazır olmaq lazımdı. Rəqabətə tab gətirmək üçün sizə iki amil kömək edə bilər: bilikləriniz və tərübəniz.

Rəqabətdən qorxmayın, o adamı “diri” saxlayır. Tempdən düşməyə imkan vermir. Üstəlik o həmişə davam edir, əgər hiss edə bilsəniz. İlk əvvəl iş tapmaq üçün namizədlar arasında. İşə qəbul olduqdan sonra isə qəbul olduğunuz şirkətin və ya qurumun rəqibləri ilə girişdiyi rəqabətə qoşulursuz əlavə olaraq. Amma nəzərə alın ki, əvəz edilməz deyilsiniz və arxayınlaşıb oturmaq olmaz. Siz hələ də namizədlərlə və kolleqalarınızla rəqabətdəsiniz. Rəqabət inkişaf deməkdir, inkişaf etdirin daim özünüzü.

Əsas odur ki, özünüzə qarşı və əməkdaşlıq eləməyi nəzərdə tutduğunuz quruma qarşı yalan danışmayın. Yalandan CV doldurmayın və sırf adını eşitdiyiniz və anlayışınız olan məlumatları ora yazmayın. (imkan olsa bu barədə ikinci hissədə ürəyimi boşaltmaq fikrindəyəm)

Amma məsələ işi bilməklə yekunlaşmır. Digər böyük amil insan amilidir. Onlara qarşı özünüzü hazırlayın. Onlar hər yerdədirlər, onlardan qaça bilməyəcəksiniz =) Nə qədər çox insan varsa o qədər çox mövqe və fikir var. Onlar gözlənilməz ola bilər, nə qədər çalışsanız da təəccüblənməyəsiniz bu sizdə alınmayacaq əmin olun. Bəzi şeylərə hazır olmaq olmur. Amma peşəkarlıq fikirləri eşidib təmkinlə qarşılamağa çalışmaqdır. Mümkün qədər səbrli olmağa çalışın. İnsanlarla işləyərkən öyrəndiklərinizi əsla yadınızdan çıxarmayın. Əmin olun bənzər situasiyalarla qarşılaşma ehtimalınız kifayət qədər böyükdür. Öyrəndikləriniz gələcəkdə lazımınız ola bilər.

Əgər işlədiyiniz sahədə artıq müəyyən biliklər əldə elədiniz və insanlara qarşı “dözümlü” olmağı öyrəndinizsə, indi qalır özünüzü ifadə eləmə qabiliyyəti. İş həyatında hamının vaxtı azdır və hamı tələsir. Ona görə qarşınızdakının sizi başa düşmək üçün ya həvəsi ya da vaxtı olmaya bilər. Bu səbəbdən özünüzü maksimum dərəcədə yaxşı ifadə etməlisiniz. Əgər nəyisə bilirsinizsə bu biliklərinizi müdafiə edə və ya mövqeyinizi ifadə edə bilmirsinizsə o biliklər sizə kömək edə bilməyəcək. Çalışın aydın nitqiniz və səliqəli, düzgün yazılarınız olsun. Biznes dünyası yazışmalar deməkdir. Ona görə nə yazıdığınıza diqqət edin, necə deyərlər “söz uçur, yazı isə qalır”. Özünüzü “kar”lığa vurmayın, deyilənləri eşidin, sonda özünüz qərar versəniz belə..

Ən əsası gördüyünüz işi sevin və ya sevdiyiniz işi görün. Çünki işdə evdən daha çox vaxt keçirəcəksiniz. Əgər işinizi sevsəniz “uçurumdan” keçib düz yola çıxacaqsınız.

Aşağıda isə işə getdiyim yolun indiki halıdır. İndi işə normal yolla gedə bilirəm. Heçkim sabah ordan başqa boru çəkilib yenidən yolun sökülüb-sökülməmə ehtimalı olduğun bilməsə də ən azından indi düzlüyə çıxmışam =)

Comments for this entry

Orxan
May 14, 2011 at 1:59 am

Həmişə nəsə öyrənirsən, biliyinə təcrübənə görə məcbur qalıb işə götürürlər, buna məcburdurlar.. amma digər Monster problem çıxır, gördüyüm əməyin qarşılığı.. Sonra ətrafına baxırsan, sənin kimilərə elə sənin kimi münasibət varıymış ki.. rahatlaşıb arxana baxırsan.. eyni prinsiplərlə aranızdakı məsafəni azaltmağa çalışanlar.. Qabağa baxırsan, onların prinsipləri sənin məntiq prinsipinə söykənmir.. Baxırsan, sonra da indiki ilə razılaşırsan.. Daha çox öyrənəcəksən, daha çox təcrübən artacaq, lap maaşın da artacaq.. Ümid edirəm layiq olduğun və nümayiş etdirdiyin əməyin qarşılığını alarsan. Sadə bir ingilis ifadəsi ilə desəm No More, No Less :)

Sadig
May 14, 2011 at 2:21 am

əslində önünə və arxana baxanda bəzən yanına baxmaq yaddan çıxır… yanına baxanda isə vəziyyət daha qorxuludur…
bilirsən müəyyən müddətdən sonra “səninkimilər”ə eyni münasibətdə olunub olunmaması səni narahat etmir. çünki fikrinə önəm verdiyin çox az adam qalır.. sadəcə qalər xəyallarda yaşamadan, xəyal qura bilmək =)

Nizami ULTRA
May 14, 2011 at 3:00 am

Tanıdığım şəxslər arasında sən və Edqara baxıb həvəslənmişəm, işə həvəsim, sevgim yarandı(öz ixtisasım olmasa belə), sizin qədər öz işini sevən və daim təkminləşməyə çalışmağı hamıya tövsiyə edirəm, özümdə bu sizin köməyinizlə yaranan işə sevgi hissini artırmağa çalışıram, və inşAllah çalışacam.

Ali Ismayilov
May 14, 2011 at 9:51 am

Maraqlı yazı üçün təşəkkür edirəm.

Sadig
May 14, 2011 at 11:51 am

@Nizami
Çox sağol xoş sözlərə görə. Səninlə “eyni cəbhədə döyüşmək” mənə də çox xoş təəsüratlar yaradıb.
İxtisas məsələsi isə düşünmürəm ki, o qədər də vacib deyil indiki dövrdə. Mən də öz ixtisasıma görə işləmirəm amma sevdiyim sahədə işləyirəm.
Sənin vəziyyətində isə onu deyə bilərəm ki, uğur qazandıqca işə olan sevgin daha da artacaq məncə =) ona görə hamımıza çoxlu uğurlar arzu edirəm =)

Sadig
May 14, 2011 at 11:52 am

@Ali Ismayilov
Həvəs göstərib oxuduğunuz üçün də mən təşəkkür edirəm.

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE