April 22, 11

Görünməmiş wi-fi.. və ya, “Görməmiş” wi-fi

Oxatan`dan bu yana online olaraq blog postlarla nədənsə şikayət etdiyim uzun zaman olmuşdu. Mən dilimi dinc saxlamağa çalışsam da görünür yaranan vəziyyət buna imkan verməyəcək. Yazıma uzun-uzadı giriş vermədən mətləb haqqında sizi agah eləmək istəyirəm: “dava internet davasıdır”. Əslində davanın mənbəyi internetdən başlasa da problem xidmət anlayışının olmamasındadır. Bu postu Weboxu`da yazmamağıma səbəb mənim bu dəfəki internet davamın provayderlərlə filan deyil, şəhərin müxtəlif məkanlarında yazılan “Wi-fi zone” işarəsinin gözlədiyimi verməməsidir. Yəni bu dəfə xidmət sferasının başqa sahəsində olan çatışmamazlığı yazmaq istədim. Əslində mütəmadi olaraq bu barədə narazılığımı FacebookTwitter`dəki statuslarımdan hiss eləmək olar. Bu barədə fikirlərimi ətrafımdakılara deyəndə məsələnin təkcə mənə yox, başqalarına da qaranlıq qaldığını gördüm. Ola bilsin ki, mən məsələyə səhv tərəfdən baxıram kimsə bu restoran və əyləncə sferasında işləyirsə bəlkə məntiqli bir izahla məni və mənim kimi narazı insanları məsələnin iç üzündən agah edə bilər.

Getdiyim yerlərdə internetdən istifadə etmə istəyim yeni-yeni qoşulduğum Foursquare şəbəkəsinə üzvlüyümdən sonra meydana gəlməyə başladı. Şəbəkənin iş prinsipi belədir ki, getdiyiniz yerlərdə “check-in” edirsiniz və həmin yer barədə fikirlərinizi və məsləhətlərinizi dostlarınızla paylaşırsınız ki, dostlarınız həmin yerdə olanda əgər birinci dəfə gəliblərsə həmin yer haqqında təsəvvürləri olsun və nə sifariş etməli, nə yeməli, nəyi sifariş etməməli olduqlarını öz dostlarından öyrənsinlər. Əcnəbi ölklərdə təbii ki, bu şəbəkəni biznes müəssələri və xidmət sferasının peşəkarları daha məqsədəuyğun və yararlı istifadə edirlər, amma bu başqa mövzunun yazısıdır. Bizdə isə nəinki sosial medianı istifadə etmək ağıllarına gəlmir hətta necə yaxşı xidmət etmək olar barəsində də təsəvvürləri yoxdur.

İlk dəfə məni təəcübləndirən Dalida Deluxe oldu. İstifadə üçün wi-fi şifrəsini istəyəndə ofisant mənə bunun xidmətə daxil olmadığını və ödənişin 2 manat olduğunu dedi. O zaman bu mənə çox qəribə gəlmişdi və Facebook-da bu barədə bildirmişdim. Adında “lux” kəliməsi keçməyinə baxmayın, o qədər böyük bir yer bizim 2 manatımız olmasa internet pulunu ödəyə bilməyəcək (!). Mən həmin gün məsələnin çox dərininə getmədim dedim yəqin şəhərin mərkəzində belə “lux” bir restoran açmaq yəqin ki, məkanın sahibinin başını dumanlandırıb və “bir tük də qənimətdir” prinsipi ilə xidmət göstərməyi seçib. Mən həmin gün EDGE ilə internetə qoşuldum və istədiyim interneti öz üslübumca əldə elədim. Üstündən bir müddət keçdi, bu hadisəni dostlarımız arasında deyib güldük və beləcə məsələnin istisi soyudu…

Ta ki, bir neçə gün bundan əvvəl qarşılaşdığım məsələyə kimi. “Met Kartinq“-də iş yoldaşlarımla birlikdə bir balaca stress atmaq üçün yığışdıq. Bu dəfə isə wi-fi ilə bağlı istəyimizə daha fantastik bir cavab aldım. Ofisant üzündə qəribə bir gülümsəmə ilə –  “wi-fi 10 manatdır” – dedi. Bu dəfəki təəccübümü heç cürə gizlədə bilmədim. Dalida`nın bəhanəsi “şəhərin mərkəzindədir” olsa belə, Keşlə bazarının yanında axı niyə bu qədər “göylə getmək” lazımdır mənə heç cür aydın olmadı. Üstəlik 10 manat kimi gülməli bir rəqəm. Təbii ki, bu dəfə də EDGE ilə işimi gördüm.

Bu məkanların məntiqi mənə çatmır, 10 azn-lə mən 2 ay problemsiz EDGE paketi istifadə edə bilərəm (aylıq 60MB-lıq paketlər mənə aylıq tam bəs edir). Əgər böyük həcmli nəsə fayl göndərməli olduğum mail yazıramsa və ya mütləq baxmalı olduğum video varsa belə 10 azn-ə gündəlik 500MB olmaqla 6 gün EDGE paketi ala bilərəm. Deyək ki, sizə mənim kimi mobil internet lazım deyil. Baxmayaraq ki, yeni nəsil smartphone`ları modem kimi istifadə etmək olur amma tutalım sizdə belə bir imkan yoxdur və siz noutbookla internetə qoşulmalısız. Bu zaman siz Elcell`in aylıq 9 azn olan tarifini seçə bilərsiniz və həmin pula 1 ay internetdən istifadə etmək imkanına sahib ola bilərsiniz.

Bu “görməmişlik” məni o qədər qıcıqlandırdı ki, məsələyə lap xırdaçı yanaşacam: Necə olur ki, fokus qrupu olaraq özünə elit qrupu seçən bir müəssisə öz müştərilərinə ayda cəmi 20azn xərcləyərək təmin edə biləcəyi (red: hətta smicdisə daha aza belə..) bu xidməti rəva bilmir? Əgər elit qrupa fokuslanmısansa deməli sənin hədəf kütlənin içərisində biznesmenlər, iş adamları olmalıdır. Onlar üçünsə yazışmalar və maillər günün istənilən saatı vacib ola bilər. Sən belə bir anda ona internet təmin edib müştərini niyə razı salmayasan? Üstəlik mən əgər əyləncə və party üçün gəlmişəmsə təbii ki, mənim burda internetlə maksimum 5-10 dəqiqəlik bir işim olacaq qalan vaxtı onsuzda dostlarla əylənib, rəqs edəcəm. Görəsən nə üçün xidmət səviyyəsi qoyulan məqsədin yanından belə keçmir, amma qiymətlər isə üstündən tullanır?

Sonda isə bu yazını yazmağıma əsas səbəb olan məsələyə gəlim: Bir neçə gün bundan qabaq olduğum bir türk lahmacununda – Baskent Lahmacun – yenə “wi-fi” yazısını görüb şifrəni istədim və ofisant digər müştərilər üçün qaça-qaçda olsa belə heç bir xidmət haqqı filan tələb etmədən şifrəni dedi, sonra da işinə davam elədi. Onda daha aydın hiss elədim ki, məsələ xidmət anlayışındadır. Bu isə müəssisənin böyüklüyündən asılı deyil, əsas odur “ürəkləri” böyük olsun =)

Comments for this entry

Mələk Abdinova
April 24, 2011 at 12:21 am

Maraqlıdır , hələ ki bu problemlə rastlaşmamışdım.. amma 10 manatlıq absurd məni təəccübləndirdi…

Sadig
April 24, 2011 at 12:25 am

@Mələk
Məni də çox təəcübləndirmişdi. Hansı məntiqlə bu qiyməti “tapıblar” mənə qaranlıq qaldı.

Vaqif
April 25, 2011 at 4:10 am

Gorunur ozunu biznesmen sayanlar h hele de mushteri memnuniyyetini derk etmeyibler!

Sadig
April 25, 2011 at 3:25 pm

@Vaqif
hə deyəsən hər sahədə çatışmayan peşəkarlıq, biznesmenlərimizdə də çatışmır…

Leave your comment

Please be polite. You can use these HTML tags: STRONG, A, BLOCKQUOTE, CODE